Yaradıcı şagirdlərlə layihə metodikası.


Yaradıcı  şagirdlərlə layihə metodikası.

Hər bir ölkənin inkişafı  komputer və  informasiya texnologiyalarının yüksək inkişaf səviyyəsindən asılıdır.Yüksək inkişaf etmiş ölkələr  xammal deyil, elmi  intellekt  tutumlu  məhsullar ixrac edirlər.Bu məhsulları istehsal edən istedadlı kadr potensialıdır. Bir neçə ildən sonra yüksək texnologiyaların yaratdığı  işsizlik  problemi ,içməli su qıtlığı,dünyanın qlobal  ekoloji problemləri ilə, təbii ehtiyatların tükəndiyi  problemlərlə üz-üzə durduğumuz bir zamanda istedadlı, yaradıcı uşaqlara ehtiyac böyükdür.
İstedad kiçik yaşlardan özünü büruzə verir.Bu baxımdan məktəbəqədər təhsilin icbari olması təqdirəlayiqdir.İstedadlı uşaqların seçimi  kiçik yaş dövründən başlanmalıdır.Əgər bir uşaq ona yeni alınmış oyuncağı sökürsə “Sən düzgün etmirsən” deyə irad tuturlar.Amma uşaq “ Görəsən bu oyuncağın içində nə var?” sualına cavab axtararaq gələcəyin tədqiqatçısı kimi böyüyür.Böyüklər çalışır ,ki, uşaqlar hər şeyi onlar kimi görsünlər,duysunlar.Bununla böyüklər uşaqları öz daxili aləmindən ayırır, düşüncə tərzinə mənfi təsir göstərir.Belə təsirlərlə  böyüklər uşaqların qeyri-adiliyini, yaradıcı başlanğıcını məhv edirlər.Müasir dövr yaddaş qabiliyyətindən yaradıcılıq qabiliyyətinə doğru tələblər irəli sürür.Kompüterin, informasiya kommunikasiya vasitələrinin geniş yayılması ilə əlaqədar olaraq  insanların  böyük həcmli  məlumatları yadda saxlamalarına ehtiyac yoxdur.Bu səbəbdən də hazırda insanların düzgün təhlil etmək, ümumiləşdirmək, təsnif etmək, nəticə çıxarmaq, proqnoz vermək kimi bacarıqları daha çox qiymətləndirlir.Müasir təhsil sisteminin formalaşdırmalı olduğu insan dünyanın tələblərinə cavab verən, rəqabətədavamlı bir şəxsiyyət olmalıdır.Bunun üçün “nə öyrətdiyimiz “ yox, ”necə öyrətdiyimiz” daha vacibdir.İstedadlı uşaqların yaradıcı idrak prosesi  axtarış və tədqiqatçılıq fəaliyyətinə istinad edir.Problemin aşkarlanması  və onun səmərəli  həll yollarının axtarış imkanları şəxsin daxili motivasiyasından asılıdır.Belə şagirdlər  yenilikərə can atırlar, onlar hətta  münasib olmayan şəraitdə  belə fəaliyyət göstərmək bacarığına sahib olurlar.Fəaliyyətdə olduqları zaman əl altında lazımi vasitələri olmadıqda belə  şəraitə uyğun olaraq başqa vasitələri fəaliyyətlərinə uyğunlaşdıraraq  ondan istifadə edirlər.Belə şagirdlər lider olmağa çalışır, diqqətçəkici  olurlar. Özünə tənqidi münasibət və başqalarından daha yaxşı olmaq istəyi  istedadlı uşaqların güclü, təkanverici xüsusiyyətləridir.
Fərdiləşmə prinsipi təlimin hər hansı şagirdin fərdi xüsusiyyətlərinə uyğunlaşması üçün vacibdir.Bundan ötrü müəllim əvvəlcə şagirdlərin xüsusiyyətlərini öyrənsə  və  müxtəlif şagird qruplarına müxtəlif metodları tətbiq etsə daha məqsədə uyğun olar.Müəllim təlimdə fərdiliyi və kollektivliyi səmərəli  əlaqələndirsə daha yaxşı nəticə verə bilər.Qeyd etmək lazımdır ki, cəmiyyət  müasir problemlərin həllini əsasən məhz bu uşaqlardan gözləyir.Bunun üçün də müəllim təlim məqsədlərini müəyyənləşdirərkən məsuliyyət, həssaslıq, pozitiv özünüqiymətləndirmə, özünə inam, baş verənlərə reaksiya verilməsi kimi bacarıqlara xüsusi önəm versə daha yaxşı olar.
Belə şagirdlərlə layihə üsulu işləmək daha maraqlıdır.Şagirdlərə onların maraq dairəsində olan  layihə tapşırıqları verilir.Onlar işini tədqiqat yönümündə quraraq  praktik tapşırığın həllini tapır və öz mövqeyini müdafiə edir.Yüksək təfəkkür bacarıqlarını  inkişaf etdirən  bu tapşırıqlar Blum taksanomiyasının  sonuncu 3 mərhələsini əhatə edir. Əvvəlcə əlavə vaxt,  məqsəd və vəzifələr, tapşırıqların müəyyənləşdirilməsi, qruplaşdırma, tapşırıq təqvimləri, müvafiq  texnologiyalar və mütəxəssislərin dəstəyi kimi şagirdlərə verilən dəstək formalarını müəyyən edirik. İstifadə edəcəyimiz spesifik resursları  aydınlaşdırırıq və  şagirdlər araşdırma aparmağa başlayırlar.
Mən bu metodu fəal təlim əsasında , şagirdlərin fəaliyyəti ilə onun şəxsi maraqlarına uyğun qururam.Şagirdlərdə məlumatla  işləmə bacarığı formalaşdırıram.İnternetdə əldə etdiyi məlumatları təhlil etmə bacarığı olmalıdır ki, vacib faktları və problemə uyğun məlumatı seçməyi bacarsın və bu məlumatlardan düzgün istifadə və tətbiq etməyi öyrənsin.Əvvəlcədən  hazırlanmış   video izahlarımı şagirdlərə əlavə  məlumat mənbəyi olaraq təqdim edirəm.Vaxta qənaət edərək tapşırıqlarımı gmail.com-da Google doc vasitəsilə şagirdlərə təqdim edirəm.Vaxt cədvəlinə uyğun olaraq müəyyənləşdirdiyimiz vaxtda layihə iştirakçıları computer arxasında oturaraq müzakirə aparırıq.Bu zaman şagirdlərdə yazı bacarığı, söz ehtiyatı, tez ünsiyyətə girmə və lazımi formada münasibət qurma vərdişləri formalaşdırılır.Özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan faydalanmaq məqsədilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakını təmin edirəm.Bu onlarda dəyişən şəraitə uyğunlaşmaları üçün təsiredici zəruri bacarıqların əldə olunmasına səbəb olur.Sinifdə müzakirə zamanı   qızıl qaydaları tez-tez şagirdlərin diqqətinə çatdırıram .Bu səs-küy yaranmasının qarşısını alır. Müzakirələrdə  göz təmasından istifadə etməklə şagirdlərə müəllimin daim diqqəti altında olduqlarını hiss etdirirəm.
Layihənin mövzusunu müəyyənləşdirmək üçün şagirdlərə istiqamətləndirici suallar verirəm. “Qədim dövrdə yaşayan insanlarla müasir insanların yaşayış tərzi hansı xüsusiyyətlərinə görə fərqlənir? Mən dünyanı necə dəyişərdim?Elmi texniki tərəqqinin xeyri var,yoxsa zərəri?” Fikirləri ümumiləşdirdikdən sonra şagirdlər bu qərara gəlidi ki, elmi-texniki tərəqqi insanların sağlamlığına xidmət etməlidir.Onların təşəbbüsü ilə “Geni modifikasiya olunmuş qida məhsullarının insan  sağlamlığına təsiri”mövzusunu seçdik. Bununla onlara tanış olan və   xüsusi əhəmiyyət kəsb edən ,real həyatdan götürülmüş problemlərin həllinə şagirdləri  yönəltməklə özünütərbiyə ideyasını həyata keçirirəm.Biologiya fənnindən 8-ci sinif üzrə 3.2.1.   4.1.1.    4.2.1.   standartlarını  əsas tutaraq məqsəd müəyyən etdim.Həyat bilgisi fənnindən 2.2.1. standartına inteqrasiya edərək  şagirdlər  Cinayət Məcəlləsinin 200.2 maddəsini araşdırdılar.Elmi məsləhətçi olaraq  Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının  “Qida məhsullarının mühəndisliyi və ekspertizası”  kafedrasının  müəllimləri  və Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə institunun əməkdaşları ilə şagirdlərin görüşünü  təşkil etdim.
 Şagirdlərin araşdırması nəticəsində aydın oldu ki, Gəncədə öz gözəlliyi ilə məşhur olan  və məktəb yaxınlığına yerləşən “Xan bağı” adlanan parkda xaricdən gətirilmiş və geni modifikasiya olunmuş  bitkilər əkilib.Transgen dəyişikliyə uğramış bu dekorativ bitkilərin tərkibində boy maddəsi və auksinlərin miqdarı çox olduğuna görə kök sistemi güclü inkişaf edərək təbii bitkiləri sıradan çıxarır və onların məhvinə səbəb olur.Bu səbəbdən də parkda bitki müxtəlifliyi 200 növdən 50-60 növə gəlib çatmışdır.
Məktəbin  8-ci sinif şagirdi  Həsənova Könülün təşəbbüsü ilə məktəbin  həyətyanı sahəsində  kiçik ərazi ayırdıq və bu ərazidə təmiz ekoloji məhsul yetişdirməyi qərara aldıq.Şagirdlər tanıdıqları təsərrüfat işləri ilə məşğul olan insanlarla əlaqə yaratdılar və genetik baxımdan təmiz olan qarğıdalı toxumunu əldə etdilər.Tərtib olunan vaxt cədvəlinə uyğun olaraq şagirdlər cütlərə ayrıldı və cücərtilərə aqrotexniki qaydada qulluq göstərildi.Məqsəd bazardan alınan məhsulla  ekoloji sağlam (şagirdlərin yetişdiyi) məhsulun dadında, görünüşündə, insan  sağlamlığına təsirində fərqləri müəyyən etmək idi.Hər həftə müşahidə  və ölçmə üsullarından  istifadə etməklə qeyd dəftərində bitkinin inkişafı barədə qeydlər aparılırdı.Kübrə istifadə edilmədiyindən inkişaf zəif gedirdi, amma alınan məhsul az məhsuldar olsa da    daha dadlı və tezbişən oldu.Bununla şagirdlərdə müqayisə etmə  və bitkilərə qulluq etmə bacarıqları vərdişlərə çevrilir.
Şagirdlər 2 qrupa ayrıldı.Geni modifikasiya olunmuş məhsulları müdafiə edənlər və bu məhsulların istehsalına yox deyənlər.Bu zaman ən çox debat üsulundan istifadə edirəm.1-ci qrup  geni dəyişdirilmiş orqanizmlərdə yüksək məhsuldarlıq,uzun müddət öz formasını qoruyub saxlama , xüsusi aromatik iyə və dada malik olma, zərəzvericilərə və əlverişsiz ətraf mühitə qarşı dözümlülüyün artırılması əsas şərt olduğunu irəli sürür.Nəzər alsaq ki, dünyada 3 milyarddan artıq insan  aclıqdan əziyyət çəkir, onda bu məhsulların nə qədər əhəmiyyətli olduğunu qeyd edirlər. 2-ci qrup isə bu məhsulların insan  sağlamlığına təsirini  araşdıraraq  müəyyən etdilər ki, bu qidalardan istifadə orqan çatışmazlığına, immun  zəifliyinə, xərçəng xəstəliyinə səbəb ola bilər.Bu bitkilər əsasən pomidar, kartof, soya, qarğıdalı və bəzi meyvə bitkiləridir.23 ölkə GMO kənd təsərrüfatı məhsullarını becərməklə bəşəriyyəti təhlükə qarşısında qoyur. Bu müzakirələr zamanı alternativ  fikirlərin söylənilməsinə şərait yaradıram.Şagirdlər məktəbin həyətində kübrəsiz becərdikləri “pərdəvari” qarğıdalı sortunu bazardan alınan həmin sortdan olan digər qarğıdalı məhsulu ilə fərqləndirib fikirlərini ümumiləşdirərək təqdimat hazırladılar.Əldə olunan nəticələr
1.GMO kənd təsərrüfatı məhsullarını istehsal və ixrac edən ölkə başçılarına məktub göndərilsin.Onları bəşəriyyətə qarşı elan olunmamış bioloji müharibədən çəkindirməyə çağıraq.
2.Şagird yoldaşlarımız arasında maarifləndirmə apararaq onları “çipsi”, “qurudulmuş çöpçüklər”,” popcorn” kimi qida məhsullarından və bəzi maye içkilərdən çəkindirməyə çalışaq.Bukletlər hazırlayaraq məktəb şagirdləri arasında yayaq.
3.Həyətyanı sahəsi olan insanlar özləri üçün lazım olan kənd təsərrüfatı məhsullarını kübrəsiz olaraq özləri əkib becərsin.Bu həm də onları oturaq həyat tərzindən uzaqlaşdırar və sağlam həyata aparar.


 Ülviyə Məhərrəmova